12.07.2014

Ramazan ayının 15-i İmam Həsən Müctəbanın doğum günüdür


Tənha qalmış sərkərdə

Ramazan ayının 15-ci günü İmam Həsənin (ə) doğum günüdür.

Adı Həsəndir. Həsən adının mənası yaxşı deməkdir. İbrani dilində bu ad Şubbər deməkdir ki, Harun peyğəmbərin böyük oğlunun adıdır. Həzrət Muhəmməd peyğəmbərin (s) böyük nəvəsidir. İmam Həsənin atası İmam Əli, anası peyğəmbərin sevimli qızı Həzrət Fatimə Zəhradır (ə). O, hicrətin 3-cü ili, Ramazan ayının 15-i Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər İmam Həsən doğulduqda qurban kəsib ətini fəqir-füqəraya paylamış, saçını qırxaraq saçı ağırlığında gümüş sədəqə vermişdir. O, atası İmam Əlidən (ə) sonra bir müddət xilafətdə olmuş, daha sonra Müaviyə ibn Əbu Süfyan tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdır. İmam Həsən (ə) həyat yoldaşı Cödə binti Əşəs ibn Qeys tərəfindən zəhərlənərək hicrətin 50-ci ili, Səfər ayının 7-də, 47 yaşında bu dünyaya vida etmişdir.


İmam Həsən müsəlmanların rəhbəri olduğu halda həqiqətən tənha idi. Ona olmazın zülmləri ediblər. Dəfələrlə yaralayıblar, bundan ən ağırı isə o həzrətə "Yə muzillul-muminin" deyə xitab edirdilər. Bu sözün mənası "Ey möminləri zəlil edən" deməkdir. Halbuki İmamın ən böyük sərkərdələrindən çoxu onu Müaviyəyə satmışdı. İmam Həsən zəhərləndikdən sonra onun tabutu dəfn edilmək üçün babası peyğəmbərin məqbərəsinə buraxılmadı, oxlandı. Nəticədə Bəqi qəbiristanlığında dəfn edildi. Vəhhabilər həmin məqbərəni uzun illər sonra dağıtdılar.

Qeyd: Müsəlman ölkələrində, ələlxüsus Qəzzada baş verən hadisələr səbəbi ilə mövlud təbriki söyləmək çox çətindir. Ən azından bunu dua edə bilərik ki, Allah İmam Həsənə xatir zülm olunmuş müsəlmanlara mübarizə və müqavimət göstərməkdə, elmi və ictimai nəaliyyətlər göstərməkdə yardımçı olsun.

Həzrət Peyğəmbər buyurub: "Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır."

"Hər kim məni sevirsə Həsəni də sevsin."



Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий